“Şahdəniz” yatağının işlənilməyə başlandığı 2004-cü ilin dekabr ayından 2014-cü il iyunun 1-nə yataqdan 51,9 mlrd. kubmetr qaz hasil edilib. Bu barədə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə cümə axşamı Bakıda “Caspian Oil&Gas” konfransında çıxışı zamanı məlumat verib.
"Bu dövr ərzində yataqdan 13,5 mln. tondan çox kondensat da çıxarılıb", - deyə X.Yusifzadə bildirib.
Onun sözlərinə görə, "Şahdəniz” yatağının işlənilməyə başlandığı vaxtdan Gürcüstana 3,92 mlrd. kubmetr, Türkiyəyə 28 mlrd. kubmetr qaz ixrac edilib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator - 25,5%), Statoil (25,5%), SOCAR (10%), LUKOIL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
N.Abbasova