İyunun 4-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində SSRİ xalq artisti Lütfiyar İmanovun 85 illik yubileyi münasibətilə tədbir keçirilib. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Mərasimdə Niyazinin mənzil-muzeyinin direktoru Rza Bayramov və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova çıxış edərək görkəmli opera müğənnisinin zəngin yaradıcılıq yolundan söz açıblar.
Tədbir iştirakçıları bildiriblər ki, 1958-ci ildə L.İmanov SSRİ xalq artisti, bəstəkar Niyazinin diqqətini cəlb edib, ona Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Koroğlu rolunu oynamaq təklif olunub.
L.İmanov 1959-cu ildə Moskvada tamaşaya qoyulan “Koroğlu” operasında Koroğlu rolunu oynayıb.
Görkəmli müğənni Norveç, Bolqarıstan, Kuba, Çexiya, Polşa, Almaniya, Türkiyə və digər ölkələrdə də konsertlər verib.
Tədbirdə L.İmanovun iştirak etdiyi “Koroğlu”, “Vaqif”, “Otello” operalarından görüntülər nümayiş etdirilib.
Mərasim konsert proqramı ilə başa çatıb.