Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) cari ilin may ayında qeyri-leqal əmək fəaliyyətinə cəlb olunmuş 685 nəfər işçi ilə əmək münasibətlərinin əmək müqaviləsi əsasında rəsmiləşdirilməsini təmin edib. Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bu rəqəm ötən ilin may ayı ilə müqayisədə 34,5% çoxdur.
İşəgötürənlər və əmək kollektivləri arasında tərəflərin razılığı əsasında əmək münasibətləri üzrə əlavə şərtlərə dair bağlanılan kollektiv müqavilələrin sayı isə 61 ədəd təşkil edib.
Ötən ay işçilərə ödənilməsi gecikdirilmiş ümumilikdə 47,208 min manat məbləğində sosial xarakterli ödəmələrin ödətdirilməsi təmin olunub. Həmin məbləğin 43,044 min manatı əmək haqlarından, 3,789 min manatı zərərə görə ödənclərdən, 375 manatı sosial müavinət və kompensasiyalardan ibarət olub.
R.Babayev