SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Almaniyanın “RWE” şirkətini “Naxçıvan” strukturunda tədqiqat işlərini sürətləndirməyə çağırıb.
“Başqa bir şirkət bu sahəni əlinizdən almamış siz (“RWE”) bu strukturun öyrənilməsi prosesini sürətləndirməlisiniz”, - deyə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə cümə axşamı “Caspian Oil&Gas” konfransında bildirib.
“RWE Dea AG” şirkətinin Avropa və MDB-də yeni layihələr üzrə baş direktoru Martin Vellens, öz növbəsində bildirib ki, hazırda şirkət “Naxçıvan” strukturunda geoloji və seysmik kəşfiyyat işləri üzrə məlumatlar üzərində işi davam etdirir. Məlumatlarin interpretasiyasi 2015-ci ildə başa çatdırılacaq.
SOCAR və “RWE” arasında 10 mart 2010-cu il tarixində “Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Naxçıvan" perspektiv strukturunun kəşfiyyatı, işlənilməsi və hasilatın pay bölgüsü haqqında sazişin əsas kommersiya prinsip və şərtlərinin razılaşdırılmasına dair” Qarşılıqlı Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, “RWE” “Naxçıvan” perspektiv strukturunun kəşfiyyatı, işlənilməsi və hasilatın pay bölgüsü üzrə danışıqların aparılması ilə bağlı müstəsna hüquqlar əldə edib.
Daha sonra SOCAR və “RWE” “Naxçıvan” strukturunun işlənməsinin əsas kommersiya prinsipləri haqqında saziş imzalayıb və PSA tipli müqavilənin hazırlanmasına başlayıblar.
N. Abbasova