SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) BP şirkəti ilə birlikdə lay sularının emalı üzrə layihə həyata keçirməyi planlaşdırır. Bu barədə SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə cümə axşamı Bakıda “Caspian Oil&Gas” konfransında çıxış edərkən məlumat verib.
“Layihənin dəyəri $4 mlrd. təşkil edir və iki il ərzində Bakının Qaradağ rayonunda lay sularının emalı sisteminin yaradılmasını nəzərdə tutur”, - deyə R.Hüseynzadə vurğulayıb.
Onun sözlərinə görə, hazırda iki şirkətin mütəxəssisləri emal edilmiş lay sularının istifadəsi üzrə mümkün variantları öyrənirlər. Lay sularından ağacların sulanması üçün istifadə oluna bilər və ya yenidən laylara vurula və dənizə axıdıla bilər .
Vitse-prezident qeyd edib ki, Qaradağ rayonunda BP şirkəti ilə birlikdə Tullantı Mərkəzi yaradılacaq. Bu layihəni BP şirkəti maliyyələşdirəcək və 1 ay ərzində mərkəzin təməli qoyulacaq”, - deyə o vurğulayıb.
N.Abbasova