Bakı Xəzər hövzəsinin Azərbaycan və Qazaxıstan sektorunda keçirilən birgə təlimlərdə iştirak etməkdə maraqlıdır. Bu barədə Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qazaxıstanın fövqəladə hallar naziri Vladimir Bojko ilə görüşdə bildirib.
FHN-in mətbuat xidmətindən verilən məlumata görə, Qəbələdə keçirilən Fəlakət riskinin idarə olunması üzrə VII Beynəlxalq konfrans çərçivəsində baş tutan görüşdə K.Heydərov qeyd edib ki, iki dost ölkə bütün sahələrdə olduğu kimi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə də uğurlu əməkdaşlıq edirlər.
Qazaxıstanın fövqəladə hallar naziri deyib ki, onun rəhbərlik etdiyi qurum azərbaycanlı həmkarları ilə yüksək informasiya texnologiyalarının tətbiqi, yanğın təhlükəsizliyi və digər sahələrdə daha geniş əməkdaşlıq etməyə hazırdır.