Gəncə Avtomobil Zavodu ilə QomSelMaş müəssisəsi arasında bağlanan müqavilə çərçivəsində Gəncədə yeni kombaynların hazırlanmasına başlanılacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“Belarusun Qomel şəhəri ilə Gəncə qardaş şəhərlərdir. Bundan irəli gələrək şəhərin meri Elmar Vəliyevlə görüşdüm və yeni tədbirlər planı ətrafında geniş müzakirə apardıq”, – deyə Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç bildirib.
O qeyd edib ki, Gəncə Avtomobil Zavodu ilə sıx əlaqələr qurulub.
“Mən zavod rəhbərliyi ilə məhsulların sayının artırılması, yeni məhsulların hazırlanması istiqamətində geniş fikir mübadiləsi apardım”, - deyə diplomat söyləyib.
Artıq kombaynların nümunə üçün 3 ədədi Gəncəyə gətirilib.
Bundan başqa, səfir Azərbaycan Dövlət Aqrar Universitetində olub. Qərara alınıb ki, ADAU ilə Belarusun kənd təsərrüfatı universitetləri arasında əlaqələr genişləndirilsin və tələbə-müəllim mübadiləsi artırılsın. N.Patskeviç universitetin kollektivini Minskə dəvət edərək təcrübə mübadiləsi istiqamətində növbəti danışıqların orada aparılmasını təklif edib.