Azərbaycanda müxtəlif xalq və dinlərin nümayəndələri arasına nifaq salmağa çalışan qüvvələr öz məkrli niyyətlərinə çatmayacaqlar. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Allahşükür Paşazadə din xadimlərinin ixtisasartırma kurslarının məzunlarına sertifikatların verilməsi mərasimində bəyan edib.
"Azərbaycanda buna imkan yoxdur və biz buna yol verməyəcəyik. İnanırıq ki, ölkəmizdə müxtəlif xalqlar və dinlər arasında qarşıdurma yaratmaq istəyənlər məqsədlərinə çatmayacaqlar”, - deyə o vurğulayıb.
QMİ sədrinin sözlərinə görə, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri dinc və yanaşı yaşayırlar.
“Ölkəmizdə müxtəlif dinlərə tolerant münasibət mövcuddur. Bu gün kurslarda imam və axundlar bir parta arxasında otururlar. Bu, bizim sözümüzün doğruluğunun, tolerantlığımızın göstəricisidir”,- A.Paşazadə bildirib.
O, dünyada müxtəlif dinlərin daxilində bir sıra problemlərin mövcudluğunu təəssüflə qeyd edib.
“Məlum olduğu kimi, islamda da, xristianlıqda müəyyən daxili problemlər var. Məsələn, Ukraynada bir qrup xristian bu kilsə yaxşıdır, o kilsə pisdir deyib digər xristianları öldürür. Təəssüf ki, islamda da belə acınacaqlı faktlara rast gəlinir. Ancaq Azərbaycanda belə bir halın olması mümkün deyil, çünki ölkəmizdə xüsusi tolerantlıq mühiti var”,- deyə şeyx vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri özlərini eyni qaydada rahat hiss edirlər.
“Əgər din xadimlərindən və müxtəlif dini cərəyanların nümayəndələrindən heç kim radikal mövqe tutmursa və qanunları pozmursa, deməli, Azərbaycanda dini etiqad üçün bərabər şərait yaradılıb”, - deyə A. Paşazadə qeyd edib.
Şeyx QMİ nəzdində fəaliyyət göstərən ixtisasartırma kurslarının məzunlarına xeyir-dua verərək söyləyib ki, onlar bundan sonra yerlərdə öz fəaliyyətlərinə daha peşəkarcasına və ciddi yanaşmalıdırlar.
Kursları bitirən şəxslərə sertifikatlarla yanaşı, xüsusi dini geyimlər verilib.
Kursların məzunları - ölkənin müxtəlif regionlarını təmsil edən axund və imamlar bir ay ərzində müxtəlif mövzularda, o cümlədən müasir informasiya texnologiyaları sahəsində bilik və iş vərdişlərinin dərinləşdirilməsi, eləcə də ictimai, dünyəvi mövzularda mühazirələr dinləyiblər.
QMİ tərəfindən təşkil edilmiş kurslarda 600-dən çox din xadiminin iştirakı nəzərdə tutulub.
R.Babayev