Gəncə İcra Hakimiyyəti və Asiya İnkişaf Bankının (AİB) nümayəndələri arasında Gəncə-Gürcüstan dövlət sərhədi avtomobil yolunun genişləndirilməsinə dair müzakirələr aparılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Söhbət həmin yolun gediş-gəliş hissəsinin 2 zolağa qədər genişləndirilməsindən gedir.
“Bu, regional əməkdaşlıq üçün dəyərli bir layihədir. Hazırda bu layihəyə baxılır və ilin sonuna kimi ola bilsin ki, təsdiq olunsun və gələn ildən icrasına başlanılsın”, – deyə bankın vitse-prezidenti Vençay Çanq bildirib.
Görüşdə, həmçinin yol təsərrüfatının yenilənməsi məsələsi barədə də fikir mübadiləsi aparılıb.
“Gəncə dairəvi yolunun çəkilişində ağırtonnajlı maşınlar alternativ yollardan istifadə etdiyi üçün həmin yolların bərpasını xahiş etdik. Bankın vitse-prezidenti məsələnin diqqətdə saxlanılacağını bildirdi”, – deyə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qeyd edib.
F.Mehdiyev