Ötən gün axşam saatlarında başlayan leysanın güclü küləklə əvəzlənməsi Göygölün Hacıməlik qəsəbəsində fəsadlar yaradıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
“Güclü külək Hacıməlik qəsəbə 1 saylı orta məktəbin dam örtüyünü dağıdıb. Eyni zamanda uşaq bağçasına və poçt binasına da ziyan dəyib. Bununla bağlı lazımı qurumlara məlumat göndərilib və fəsadların aradan qaldırılması üçün tədbirlər görülür”, – deyə Göygöl rayon İcra Hakimiyyəti başçısının müavini Rauf Nəsirov məlumat verib.
Qəsəbədə sosial obyektlərə, eləcə də fərdi yaşayış evlərinə xeyli ziyan dəyib.
Hazırda Göygöl Rayon Fövqəladə Hallar Komissiyası dəyən ziyanın miqdarını müəyyənləşdirməklə yanaşı, fəsadların aradan qaldırılması ilə də məşğuldur.
Ötən gün qərb bölgəsində müşahidə olunan güclü külək və leysan Gəncə və Şəmkirdə elektrik enerjisinin verilməsində kəsilmələrə səbəb olub.
F.Mehdiyev