İyunun 16-da Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Sənaye Mülkiyyəti Hüquqlarına dair Əlaqələndirmə Komitəsinin 2-ci iclası keçiriləcək. Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin məlumatında deyilir.
Tədbirdə Azərbaycan, Türkiyə, İran, Əfqanıstan, Qazaxıstan, Tacikistan, Pakistan və İqtisadi Əməkdaşlıq Təşkilatı Katibliyinin nümayəndələri iştirak edəcək.
İclasda sənaye mülkiyyəti hüquqlarının son tendensiyalarına baxışların keçirilməsi, üzv ölkələrin əqli mülkiyyət ofisləri üçün prioritet təşkil edən sahələrin və bu sahədə çalışan qurumlar arasında əlaqələndirmə mexanizmlərinin müzakirəsi nəzərdə tutulur.
Qeyd edək ki, ölkəmiz İƏT-in Nazirlər Şurasının 28 noyabr 1992-ci il tarixində İslamabadda keçirilmiş növbədənkənar iclası zamanı təşkilatın üzvlüyünə qəbul olunub.
İƏT-in Sənaye Mülkiyyəti Hüquqlarına dair Əlaqələndirmə Komitəsinin əsas məqsədi üzv ölkələr arasında sənaye mülkiyyəti sahəsində əlaqələrin, habelə iqtisadi əlaqələrin möhkəmləndirilməsi və inteqrasiya proseslərinə kömək etməkdir.
Təşkilat çərçivəsində Azərbaycan digər üzv ölkələrlə bir sıra prioritet sahələr, o cümlədən, patent sistemi, nəqliyyat, enerji, ticarət və investisiya sahələri üzrə əməkdaşlıq etməkdədir.