Bu ilin əvvəlindən Gəncədə 22 çoxmərtəbəli binanın dam örtüyü dəyişdirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
“Gəncədə ötən 3 il ərzində 238 binanın dam örtüyü müasir üslubda təmir olunub. Bu ilin sonuna qədər şəhərdəki binaların 50%-nin dam örtüyü yenilənəcək”, – deyə Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin baş mühəndisi İsmayıl Dadaşov bildirib.
Onun sözlərinə görə, dam örtüklərinin yenilənməsində əsasən yerli və keyfiyyətli materiallardan istifadə olunur. Bununla yanaşı, binaların fasadı da müasir görkəm alır.
“Əziz Əliyev və Qəmbər Hüseynli küçələrində binaların fasadı kərpiclə yenilənir. Bu, bizim memarlıq üslubumuza uyğun aparılır. Eləcə də elektrik dirəkləri yenisi ilə əvəz olunur”, – deyə baş mühəndis qeyd edib.
F.Mehdiyev