Azərbaycan iqtisadiyyatının inkişafı ölkəyə əcnəbi əmək miqrantlarının cəlb olunması üçün şərait yaradır. Bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev məlumat verib.
“Əcnəbi vətəndaşlara azərbaycanlı mütəxəssislərin olmadığı sahələrdə işləməyə icazə verilir”, - deyə F.Nəbiyev çərşənbə axşamı Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu (CEIBC) tərəfindən təşkil edilmiş ənənəvi görüşdə bildirib.
Onun sözlərinə görə, Miqrasiya Məcəlləsinin qəbul edilməsi bu sahədə mövcud olan problemlərin həllinə imkan yaradıb.
O qeyd edib ki, Azərbaycanda əcnəbilərin işə düzəlməsi ilə bağlı kvota tətbiq olunur.
“Biz 2015-ci ilin kvotasını müəyyənləşdirmək üçün şirkətlərə və klublara müraciət edəcəyik ki, hansı mütəxəssislərə ehtiyac var, neçə mütəxəssis lazımdır. Bunu əsaslandırıb bizə təqdim etməlidirlər. Miqrasiya Məcəlləsində o da qeyd olunub ki, Azərbaycan vətəndaşı ilə nikahda olanların iş icazəsi almasına ehtiyac yoxdur”, - deyə F.Nəbiyev bildirib.
O qeyd edib ki, qeyri-qanuni əmək miqrantı işlədən şirkətlərlə yanaşı, onları gətirən şəxslərə qarşı da cinayət məsuliyyəti tətbiq olunacaq.
F.Nəbiyevin sözlərinə görə, əmək miqrantlarından əmək haqlarını ala bilməmələri, yaşamaq üçün yaradılmış şəraitlə bağlı şikayətlər daxil olur. DMX-də Vahid Miqrasiya Məlumat Sistemi var. Hər ay DMX-yə 60-65 min nəfər xarici vətəndaş müraciət edir.