Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi, səfir Yaşar Əliyev etimadnaməsini BMT-nin baş katibi Pan Gi Muna təqdim edib. Bu barədə Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin mətbuat xidməti məlumat verir.
Görüşdə Y.Əliyev Azərbaycanın BMT ilə bir çox sahələrdə sıx əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduğunu bildirib.
Azərbaycan torpaqlarının 20%-nin erməni işğalı altında qalmasından və Ermənistanın davam edən təcavüzündən söz açan səfir BMT-nin hər zaman ölkəmizin ərazi bütövlüyü və suverenliyini tanıdığını vurğulayıb, qurumun Təhlükəsizlik Şurasının və Baş Assambleyasının müvafiq qətnamələrinə istinad edərək, BMT-nin bundan sonra da Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcəyinə əminliyini ifadə edib.
Y.Əliyev bir sıra vacib sahələrdə, xüsusilə multikulturalizm, dözümlülük, mədəniyyətlər və dinlər arasında dialoqun təşviq edilməsində BMT-nin səylərinə Azərbaycanın fəal dəstəyinin davam etdiriləcəyini vurğulayıb.
O, həmçinin Azərbaycanın beynəlxalq səviyyədə sülhpərvər siyasətinin göstəricisi kimi 2015-ci ildə ilk Avropa Oyunlarının və 2017-ci ildə növbəti İslam Həmrəyliyi Oyunlarının Bakıda keçiriləcəyini də baş katibin diqqətinə çatdırıb.
R.Babayev