“VTB Bank” (Azerbaijan) ASC ipoteka proqramının tətbiqinə başlayıb. Bu barədə bankın məlumatında bildirilir.
Ən azı bir il iş stajı olan və sonuncu iş yerində 6 aydan az olmayaq işləmiş Azərbaycan vətəndaşları bu proqram çərçivəsində kredit ala bilərlər. Əgər borcalan fərdi sahibkardırsa, onun biznes fəaliyyətinin müddəti 6 aydan az olmamalıdır.
Kreditin maksimal məbləği 100 min manat, ilkin ödəniş 25%-dir. İllik faiz dərəcəsi 12%-dən başlayan kreditin müddəti 10 ildir.
““VTB Bank” (Azerbaijan) ASC-nin ipoteka proqramı kütləvi istehlakçılar üçün nəzərdə tutulub. Bazarda apardığımız araşdırmalarıa əsasən, daha böyük məbləğlərdə ipoteka kreditləri götürmək istəyən müştərilər var, lakin bu seqment böyük deyil. Buna görə də kütləvi istehlakçıların marağını əsas götürərək kredit üzrə maksimal məbləği 100 min manat səviyyəsində müəyyən etdik. İlkin ödəniş bizim məhsul üçün əsas şərtidir, çünki bu, müştərinin məsuliyyətini artırır və kredit ödənişi zamanı riskləri azaldır”, - deyə məlumatda bankın İdarə Heyətinin sədri Aleksandr Yeryominə istinadən bildirilir.
2009-cu ilin mart ayında Azərbaycan Mərkəzi Bankı “VTB Bank” (Azerbaijan) ASC-yə bank fəaliyyəti üçün lisenziya verib. Bankın səhmdarları strukturunda səhmlərin 51%-i “VTB Bank” ASC-yə, 48,99%-i “AtaHolding” şirkətlər qrupuna, 0,01%-i fiziki şəxsə məxsusdur.
A.Əzizov