İyunun 12-də Bakıda “ITE Group” şirkəti və onun Xəzər regionunda ekskluziv tərəfdaşı “Iteca Caspian” şirkəti tərəfindən təşkil olunan 13-cü Beynəlxalq nəqliyyat, tranzit və logistika (“TransCaspian-2014”) və 4-cü Xəzər Beynəlxalq yol infrastrukturu və ictimai nəqliyyat (“Road and Traffic-2014”) sərgiləri açılacaq.
“Bu il sərgilərdə dünyanın 16 ölkəsindən 104 şirkət iştirak edəcək. Ekspozisiya sahəsi 2013-cü illə müqayisədə 50% artıb”, - deyə sərginin meneceri Orxan Əhmədov çərşənbə günü mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, “TransCaspian-2014” sərgisində Azərbaycan, Belarus, Gürcüstan, Çin, Rusiya, Fransa, Çexiya və İsveçrə şirkətləri iştirak edəcəklər. "TransCaspian” təcrübə mübadiləsi, bazarın qiymətləndirilməsi, işgüzar görüşlər və yeni işgüzar əlaqələrin qurulması üçün əla imkan yaradacaq. Sərgi iyunun 14-də başa çatacaq”, - deyə O.Əhmədov qeyd edib.
İyunun 12-də sərgilər çərçivəsində dəmir yolu nəqliyyatı mütəxəssisləri üçün “RM Reyl” şirkəti tərəfindən seminar təşkil ediləcək.
İyunun 13-də “Yol və yeraltı infrastruktur - urbanizasiya problemlərinin həlli yolları” adlı II Beynəlxalq Xəzər Konfransı keçiriləcək.
N.Abbasova