Azərbaycan İpoteka Fondu (AİF) çərşənbə axşamı 5 mln. manat məbləğində istiqrazın yerləşdirilməsi üzrə hərrac keçirib. Bu barədə fondun saytında məlumat verilir.
Bununla da AİF səkkizinci emissiyadan 40 mln. manat məbləğində istiqrazın yerləşdirilməsini başa çatdırıb.
Beləliklə, 2009-2014-cü illərdə AİF 8 emissiya çərçivəsində ümumilikdə 340 mln. manat məbləğində istiqraz yerləşdirib.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) 2014-cü ilin yanvar ayında AİF-in 40 mln. manat məbləğində istiqrazının səkkizinci emissiya prospektini qeydiyyata alıb. Emissiya bir qiymətli kağızın nominal dəyəri 1 min manat olan 40 min ədəd təmin edilmiş istiqraza bölünüb. İstiqrazların tədavül müddəti 3600 gün, illik faiz dərəcəsi 3%-dir. Faiz ödənişləri hər 180 gündən bir həyata keçiriləcək.
AİF 2005-ci ilin dekabrında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən 28 agent bank vasitəsilə kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 50 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil.
A.Əzizov