Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı şəhəri və ətraf qəsəbələrdə yeni mənzillərin satınalınması ilə əlaqədar açıq tender keçirir. Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Tender ümumilikdə təxminən 6250 m² sahəni əhatə edəcək mənzillərin alınmasını nəzərdə tutur.
Tenderin şərtlərinə görə, əlilliyi olan şəxslərə veriləcək mənzillərin daxili sahəsinin bölgüsü və təmiri onların fiziki vəziyyətinə və şəxsi tələbinə uyğun aparılmalıdır. Əlil arabasında olan əlillər üçün mənzillərin ümumi otaqları layihələndirilərkən əlil arabasının hərəkəti, habelə 180 dərəcə dönməsinin mümkünlüyü nəzərə alınmalı, mənzildaxili dəhlizin eni 1,15 sm-dən az olmamalıdır. Tualet və vanna otaqlarının planlaşdırılması, onlarda avadanlığın yerləşdirilməsi əlilin fiziki vəziyyətinə uyğun aparılmalı, tualet və vanna otağının qapıları dəhlizə açılmalıdır.
Eyni zamanda tender əlilliyi olan şəxslərə veriləcək mənzillərin olduğu binalara aid ərazidə əlil arabasının maneəsiz və rahat gediş-gəlişini təmin edən şəraitin, eləcə də binaya, liftə və mənzilə girişin bir səviyyədə olmasını tələb edir.
Tender üzrə hüquqi sənədlərin təqdim olunma müddəti iyulun 2-də başa çatacaq. Tender təklifləri iyulun 8-dək qəbul olunacaq.
R.Babayev