Bu gün Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA) V plenar sessiyası öz işinə başlayıb.
Sessiyada Türkdilli Ölkələrin Parlament Assambleyasına sədrlik Türkiyədən Azərbaycana, müvafiq olaraq Türkiyə Böyük Millət Məclisinin spikeri Cəmil Çiçəkdən Milli Məclisin sədri Oqtay Əsədova keçəcək.
Sessiyada TürkPA-nın 2013-cü ildəki fəaliyyətinə, təşkilat katibliyinin ötən ilin büdcəsinin icrasına dair hesabatları dinləniləcək, təşkilati məsələlərə, o cümlədən TürkPA katibliyinin 2015-ci il üçün büdcə layihəsinə baxılacaq, təşkilatın VI plenar sessiyasının keçirilmə vaxtı və yeri müəyyən olunacaq.
İyunun 13-də TürkPA-ya üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri - spikerlər Oqtay Əsədov (Azərbaycan), Kabibulla Çakupov (Qazaxıstan), Asılbek Jeenbekov (Qırğızıstan) və Cəmil Çiçək (Türkiyə) çıxış edəcəklər.
Tədbir iştirakçıları Türk PA-nın beynəlxalq müşahidəçilər missiyasının Azərbaycanda prezident seçkiləri ilə bağlı hesabatını, eləcə də Beynəlxalq əlaqələr, Sosial, mədəni və humanitar məsələlər, İqtisadiyyat, ticarət və maliyyə məsələləri, Hüquq məsələləri komissiyalarının məruzə və tövsiyələrini dinləyəcəklər.
Tərəflər, həmçinin TürkPA komissiyalarının restrukturlaşdırılması məsələlərini də müzakirə edəcəklər.
TürkPA-nın sədri O.Əsədov Macarıstan parlamentinin müşahidəçi statusu alması barədə məlumat verəcək. İştirakçılar TürkPA-nın VI plenar sessiyasının vaxtını və yerini müəyyənləşdirəcəklər.
TürkPa-nın V plenar sessiyasının yekunları üzrə Bakı bəyannaməsi qəbul olunacaq
Plenar sessiya başa çatdıqdan sonra TürkPA-nın nümayəndə heyətlərinin rəhbərləri və baş katibi tədbirə həsr olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaqlar.
R.Babayev