Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) “Azərkimya” İstehsalat Birliyinin fəaliyyətini daha sıx əlaqələndirmək məqsədi ilə birgə işçi qrupu yaradılıb. Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytında məlumat verilir.
"Bu qərar AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında qəbul olunub. İclasda “Azərkimya” İB ilə əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edilib. Birliyin Müşahidə Şurasının sədri Muxtar Babayev müəssisədə yaradılmış istehsalat sahələri və onların fəaliyyəti barədə məlumat verib. AMEA ilə “Azərkimya”nın həmin sahələrdə əməkdaşlıq imkanları təhlil olunub”, - deyə məlumatda qeyd edilir.
Rəyasət Heyətinin qərarı əsasında yaradılan işçi qrupu daimi əsasda fəaliyyət göstərəcək. İşçi qrupu sentyabrın sonunadək AMEA-nın Kimya Elmləri Bölməsinin təkliflərini müzakirə etməli və konkret tədbirlər planı hazırlayaraq 2014-cü il sentyabrın sonunadək “Azərkimya”ya təqdim etməlidir.
"Əməkdaşlıq AMEA-da elmi tədqiqat işlərinin daha geniş miqyasda aparılmasına, elmi nəticələrin istehsalatda tətbiqi prosesinin sürətləndirilməsinə və alimlərin əməyinin stimullaşdırılmasına imkan yaradacaq", - deyə məlumatda bildirilir.
N.Abbasova