İsveç şirkətləri Azərbaycanın infrastrukturuna sərmayə qoya bilər. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında deyilir.
İyunun 12-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İsveçin ticarət naziri Eva Byörlinqin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan-İsveç əməkdaşlığı müzakirə olunub.
Ş.Mustafayev ölkəmizdə beynəlxalq əməkdaşlığa böyük önəm verildiyini vurğulayıb, İsveçlə əlaqələrin inkişafında müqavilə-hüquq bazasının genişləndirilməsinin, ikiqat vergitutmanın aradan qaldırılması və investisiyaların qorunması və təşviqi haqqında sazişlərin imzalanmasının vacibliyini qeyd edib.
Həmçinin Azərbaycanda İsveç səfirliyinin açılmasının ölkələrimiz arasında əlaqələrin inkişafında əhəmiyyətli olacağı diqqətə çatdırılıb.
Ş.Mustafayev sənaye, metallurgiya, neft kimyası, kənd təsərrüfatı məhsullarının istehsalı, qida sənayesi, İKT, alternativ enerji və s. sahələrin prioritet olduğunu qeyd edib.
Görüşdə bildirilib ki, İsveç şirkətləri Azərbaycanda infrastruktur (dəmir yolları, avtomobil yolları, hava limanlarının tikintisi), səhiyyə, təhsil, ətraf mühit və s. sahələrə sərmayə qoya bilər.
E.Byörlinq ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini vurğulayıb.
A.Əzizov