Bu gün Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA) V plenar sessiyası öz işinə başlayır.
Sessiyada TürkPA-ya üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri - spikerlər Oqtay Əsədov (Azərbaycan), Kabibulla Çakupov (Qazaxıstan), Asılbek Jeenbekov (Qırğızıstan) və Cəmil Çiçək (Türkiyə) çıxış edəcəklər.
Tədbir iştirakçıları Türk PA-nın beynəlxalq müşahidəçilər missiyasının Azərbaycanda prezident seçkiləri ilə bağlı hesabatını, eləcə də Beynəlxalq əlaqələr, Sosial, mədəni və humanitar məsələlər, İqtisadiyyat, ticarət və maliyyə məsələləri, Hüquq məsələləri komissiyalarının məruzə və tövsiyələrini dinləyəcəklər.
Tərəflər, həmçinin TürkPA komissiyalarının restrukturlaşdırılması məsələlərini də müzakirə edəcəklər.
TürkPA-nın sədri O.Əsədov Macarıstan parlamentinin müşahidəçi statusu alması barədə məlumat verəcək. İştirakçılar TürkPA-nın VI plenar sessiyasının vaxtını və yerini müəyyənləşdirəcəklər.
TürkPA-nın V plenar sessiyasının yekunları üzrə Bakı bəyannaməsi qəbul olunacaq.
Plenar sessiya başa çatdıqdan sonra TürkPA-nın nümayəndə heyətlərinin rəhbərləri və baş katibi tədbirə həsr olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaqlar.
Dünən TürkPA Şurasının V iclasında TürkPA Assambleyasında sədrlik Türkiyədən Azərbaycana keçib.