Türkiyə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Bu barədə Türkiyə Böyük Millət Məclisinin spikeri Cəmil Çiçək Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Bakıda keçirilən V plenar sessiyasında çıxışı zamanı bəyan edib.
“Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində nizamlanmalıdır”,- deyə o qeyd edib.
C.Çiçək söyləyib ki, Ermənistanın Azərbaycan ərazilərinin 20%-ni işğal etməsi bütün türk dünyasını narahat edir.
“Türkiyə bu məsələdə Bakının mövqeyini dəstəkləyir. Biz Azərbaycan torpaqlarının işğalının davam etməsindən, üstəlik bir milyondan çox azərbaycanlının öz yurdlarına qayıda bilməməsindən son dərəcə narahatıq”,- deyə o qeyd edib.
C.Çiçək deyib ki, Azərbaycan ərazisinin işğalının davam etməsi regionda davamlı sülh və sabitliyin bərqərar olmasına mane olur.
“Türkiyə Azərbaycana qardaş dövlətdir və özünün ərazi bütövlüyü və suverenliyinin bərpası məsələsində Bakını dəstəkləməkdə davam edəcək”,- deyə spiker vurğulayıb.
R.Babayev