Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) Türkiyənin İraqdakı diplomatik missiyasına və vətəndaşlarına edilən hücumları qətiyyətlə pisləyir. Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) V plenar sessiyasının yekunları üzrə qəbul edilmiş bəyannamədə belə deyilir.
“TürkPA Türkiyənin İraqdakı diplomatik missiyasına və vətəndaşlarına edilən hücumları qətiyyətlə pisləyir, konsulluq əməkdaşlarının və vətəndaşların azadlığa buraxılmasını tələb edir”,- deyə bəyannamədə bildirilir.
TürkPA, həmçinin terrorçuluğun bütün formalarını qətiyyətlə pisləyib və təşkilata üzv dövlətlərin terrorçuluqla mübarizədə əməkdaşlığının vacibliyini qeyd edib.
“TürkPA terrorizmin bütün forma və təzahürləri, ekstremizm və separatçılıq, eləcə də transmilli mütəşəkkil cinayətkarlıq, kibercinayətkarlıq, narkotik, silah və insan alverinə qarşı mübarizədə üzv dövlətlərin əməkdaşlıq və əlaqələrinin gücləndirilməsi üzrə öhdəliklərini təsdiq edir”,- deyə sənəddə bildirilir.
Tərəflər bəyannamədə bir-birlərinin milli müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulmazlığına hörmət etdiklərini, BMT Xartiyasına və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq TürkPA-ya üzv dövlətlərin ərazi bütövlüyü və suverenliyinə qarşı güc tətbiq etmənin yolverilməz olduğunu təsdiqləyiblər.
Sənəddə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulmazlığı prinsipləri əsasında siyasi həllinin vacibliyi qeyd edilir.
“TürkPA inanır ki, münaqişənin həlli regionda sülh, sabitlik və inkişafın bərqərar olmasına xidmət edəcək, eləcə də regional əməkdaşlıq üçün şərait yaradacaq”, - deyə bəyannamədə bildirilir.
R.Babayev