Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) öz inkişafının ikinci mərhələsinə qədəm qoyur. TürkPA-nın sədri, Milli Məclisin spikeri Oqtay Əsədov təşkilatın Bakıda keçirilən V plenar sessiyasının yekunlarına həsr olunmuş brifinqdə belə söyləyib.
“TürkPA-nın bütün iştirakçıları növbə ilə bir dəfə təşkilata sədrlik ediblər, indi ikinci dövrə başlayır. Buna görə inkişafımızın ikinci mərhələsinin başladığını demək olar. Hesab edirəm ki, TürkPA birinci mərhələdə çox böyük nəticələr əldə edib. Təşkilat bir çox beynəlxalq təşkilatlarda müşahidəçi və qonaq qismində iştirak edir”,- deyə O.Əsədov qeyd edib.
V plenar iclasda Macarıstanın müşahidəçi statusu almasını qeydə edən O.Əsədov yaxın gələcəkdə təşkilatın üzvlərinin sayının artacağına əminliyini ifadə edib.
“Biz əminik ki, tezliklə TürkPA-nın tərkibi genişlənəcək. Ümid edirik ki, digər qardaş türk dövlətləri - Türkmənistan və Özbəkistan da təşkilata qoşulacaq. Və bu gün biz Türkiyə parlamentinin spikeri Cəmil Çiçəkdən Şimali Kipr parlamentarilərinin TürkPA-ya qoşulmaq arzusunda olduqlarını eşitdik, biz gələcəkdə bu məsələ üzərində işləyəcəyik”,- deyə O.Əsədov vurğulayıb.
Türkiyə parlamentinin sədri Cəmil Çiçək söyləyib ki, TürkPA-nın VI plenar sessiyası 2015-ci ildə Qazaxıstanda keçiriləcək.
“Ümid edirəm ki, bu gün Bakıda qəbul edilmiş qərarların böyük hissəsi növbəti sessiyaya qədər həyata keçiriləcək”, - deyə o qeyd edib.
C.Çiçək TürkPA-nın V plenar sesiyasının türkdilli ölkələrin yaxınlaşması istiqamətində vacib addım olduğunu deyib.
“Baxmayaraq ki, biz coğrafi cəhətdən bir-birimizdən uzağıq, bununla belə bir millətin övladlarıyıq və TürkPA yaxınlaşmağımız üçün vacib alət olmalıdır” ,- deyə C.Çiçək əlavə edib.
Y.Əliyev