ABŞ prezidenti Barak Obama bəyan edib ki, İraqdakı ABŞ səfirliyinin əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi üçün Bağdada 275 hərbçi göndərilə bilər. Bu barədə çərşənbə axşamı “Associated Press” agentliyi xəbər yayıb.
B.Obama artıq bu barədə Konqres üzvlərinə məlumat verib.
Hazırda 170-ə yaxın əsgər Bağdaddadır, daha 100 nəfər İraqla qonşu ölkələrin ərazisində ehtiyatda olacaq.
ABŞ prezidenti qanunvericiləri əmin edib ki, amerikalı əsgərlər İraqdakı hərbi əməliyyatlarda iştirak etməyəcəklər. Bununla yanaşı, o bildirib ki, bu ölkəyə göndərilən hərbçilər hərbi əməliyyatlarda bilavasitə iştirak etmək üçün bütün zəruri əsgəri təzhizata malikdirlər.
“İraq və Şam İslam Dövləti” radikal qruplaşmasının döyüşçüləri ötən həftə İraqın şimalında bir sıra iri şəhərləri nəzarət altına alıblar. Hazırda onlar Bağdadı ələ keçirməyə çalışırlar.