Respublikada ilk dəfə olaraq Gəncədə Azərbaycan Dövlət Aqrar Universtetinin tələbələri üçün mehmanxana tipli yataqxana tikilir.
“İnterfaks-Azərbaycan” agentliyinin regional bürosunun məlumatına əsasən, eləcə də burada universitetin müəllimləri və işçiləri üçün 5 mərtəbəli yaşayış binası inşa olunur.
“Beş korpusdan ibarət olan kompleksdə binaların biri 7, digər dördü isə 6 mərtəbəli olacaq. Üç binada son mərtəbədə beton işləri aparılır”, - deyə ADAU-nun tələbə şəhərciyinin direktoru Hüseyn Vəliyev bildirib.
2 hektar ərazidə tikilən yataqxanada otaqların 251-i iki nəfərlik, 6 otaq isə üç nəfərlik olacaq. İşlərin gələn il yekunlaşdırılması planlaşdırılır.
İnşasına 2010-cu ilin sonunda başlanılan bina 1 hektardan artıq ərazidə tikilib. Burada mənzillər 1, 2 və 3 otaqlı olacaq.
“Universtetin əməkdaşları kreditlə ev ala biləcəklər. İşlər tamamlanmaq üzrədir. Qaz, su, kanalzasiya xətləri çəkilir”, – deyə H.Vəliyev qeyd edib.
Yaşayış binasının bu ilin sonuna təhvil veriləcəyi gözlənilir.
ADAU-da 5 mindən artıq tələbə, magist və bakalavr təhsil alır, 490 professor-müəllim heyəti var.