Moldova Ukraynadan sonra Rusiya prezidenti Vladimir Putinin növbəti hədəfi ola bilər. Çərşənbə axşamı Bakıda keçirilən NATO PA-nın “Cənubi Qafqaz: Çağırışlar və imkanlar" adlı 86-cı “Rose-Roth” seminarında çıxış edən Avropa Siyasəti Mərkəzinin siyasi analitiki Amanda Pol belə hesab edir.
“Moldova Avropa İttifaqı ilə fəal yaxınlaşma siyasəti yürüdür. Gələn həftə Kişinyov və Aİ arasında assosiativ sazişin imzalanması gözlənilir. Bu səbəbdən Moldovanın Ukraynadan sonra “Moskvanın siyahısında” yer alması təhlükəsi mövcuddur”, - deyə A.Pol vurğulayıb.
Onun sözlərinə görə, hələ bir il əvvəl heç kəsin ağlına gəlməzdi ki, Krım Rusiyaya birləşdiriləcək.
“Moskvanın atdığı addımlara Avropanın qeyri-adekvat reaksiyası nəticəsiz qalmır. 2008-ci ildə Gürcüstanda baş verən hadisələr Rusiya prezidenti Vladimir Putinin əminliyini artırdı ki, Qərb və Avropa ərazilərin zəbt edilməsinə və işğalına göz yummağa üstünlük verəcək. Və nəticədə Krım hadisələri göz qabağındadır”, - deyə ekspert qeyd edib.
Moskva və Kiyev arasında münasibətlərdə gərginliyin Cənubi Qafqaz dövlətlərinə təsirinə toxunan A.Pol vurğulayıb ki, Azərbaycan, Ermənistan və Gürcüstan müxtəlif xarici siyasət kursunu dəstəkləyirlər.