Azərbaycanın mədəniyyət və incəsənəti Norveçdə festivalda nümayiş olunacaq. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Belə ki, iyunun 21-22-də Osloda Sagene Beynəlxalq Mədəniyyət Festivalında müxtəlif ölkələrin nümayəndələri qonaqlara və tədbir iştirakçılarına öz mədəniyyətini, milli musiqisini, incəsənətini, geyim və mətbəxlərini nümayiş etdirəcəklər.
Budəfəki festivalda Norveçin 16 gənclər təşkilatı iştirak edəcək. Azərbaycanı festivalda Norveçin Azərbaycanlı Gənclər Təşkilatı – NAYO təmsil edəcək.
Festivalda ölkəmizin mədəniyyəti və adət-ənənələri, turizm potensialı barədə geniş proqram təqdim olunacaq.
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə tədbirdə Azərbaycandan 8 musiqiçi və rəqqas iştirak edəcək.
Qeyd edək ki, festival çərçivəsində Azərbaycan kitabları sərgisi açılacaq, “Azərbaycan – Odlar Yurdu” adlı konsert olacaq.