2014-cü ilin yanvar-may aylarında Azərbaycanda tikinti materiallarının istehsal həcmi 158,3 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 16,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, yanvar-may aylarında respublikada 1 mln. 92,9 min ton sement (artım 40,1%), 41,9 min ton tikinti gipsi (azalma 49,8%), 13,8 min kubmetr beton konstruksiya (artım 7,8%), 133,5 min ton asfalt (artım 12,7%) istehsal olunub.
Bundan başqa, yanvar-may aylarında 1,48 min ton işlənmiş mərmər, əhəng daşı, alebastr və onlardan hazırlanmış məmulatlar (azalma 64,5%), 137,7 min kubmetr tikinti kərpici (artım 0,7%) və 594,7 min ton hazır beton qarışığı (artım 13,6%) istehsal edilib.