Bakı Rusiya Federasiyası ilə münasibətlərin inkişafı üçün mümkün olan hər şeyi etməyə hazırdır. Bu barədə prezident İlham Əliyev çərşənbə günü Rusiyanın XİN başçısı Sergey Lavrovu qəbul edərkən bəyan edib.
“Biz öz tərəfimizdən Rusiya ilə əməkdaşlığın inkişafı üçün mümkün olan hər şeyi etməyə hazırıq”, - deyə dövlət başçısı bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər “inkişaf edir, müxtəlif sahələrdə əməkdaşlıq həyata keçirilir”.
Ötən ilin payızında Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərini xatırladan İ.Əliyev qeyd edib ki, “münasibətlərimizin bütün sahələrdə inkişafı üçün onunla danışıqlar çox səmərəli olub”. Həmçinin ölkələrimizin nazirlikləri, idarələri səviyyəsində fəal dialoq aparılır.
Prezident BMT Təhlükəsizlik Şurasında seçkilər zamanı ölkənin namizədliyini dəstəklədiyinə görə RF-yə minnətdarlığını bildirib. “Rusiya və Azərbaycan burada kifayət qədər fəal əməkdaşlıq edib”, - deyə o bildirib.
İ.Əliyev vurğulayıb ki, “Bakı Avropa Şurasında Rusiyaya kömək etmək üçün hər şey edəcək”. “Bu, münasibətlərimizin xarakterini əks etdirir”, - deyə o əlavə edib.