Maliyyə naziri Samir Şərifov daşınmaz əmlakın icbari sığortası üzrə sığorta haqqının hissə-hissə ödənilməsi prinsipinin tətbiqini mümkün hesab edir.
“Qanunvericilikdə sığorta haqqının illik həcmi nəzərdə tutulub. Hesab edirəm ki, onu məsələn, hər ay hissə-hissə ödəmək olar”, - deyə nazir cümə axşamı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, nazirliyin təhlilləri göstərir ki, fiziki şəxslərə məxsus daşınmaz əmlakın icbari sığortası ilə bağlı arzuolunan nəticələr əldə edilməyib.
“Biz daha səmərəli metodlardan istifadə etmək üçün bu istiqamətdəki mexanizmə yenidən baxa bilərik”, - deyə o qeyd edib.
Daşınmaz əmlakın icbari sığortası hüquqi və fiziki şəxslərə məxsus tikililərə, yaşayış evlərinə, mənzillərə, ofislərə və dövlət əmlakına şamil edilir. Yanğın, partlayış, elektrik şəbəkəsində qısa qapanma, kanalizasiya və ya su kəməri sistemində yaranmış qəzalar, təbii fəlakətlər nəticəsində bu obyektlərə ziyan dəyməsi sığorta hadisəsi hesab olunur.
Bakıda daşınmaz əmlakın sığorta məbləğinin maksimal həcmi 25 min manat, Gəncə, Sumqayıt və Naxçıvanda 20 min manat, digər yaşayış məntəqələrində 15 min manat təşkil edir.
Bu sığorta növü üzrə tarif sığorta məbləğinin 0,2%-ni təşkil edir.
Azərbaycanda daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə xidmət göstərmək üçün 12 sığorta şirkətinin lisenziyası var.
A.Axundov