Azərbaycanın sığorta şirkətləri 2012-ci ildə 89,575 mln. manata qarşı 2013-cü ildə 113,358 mln. manat məbləğində riskləri təkrarsığortaya veriblər. Bu barədə “PAŞA Sığorta” şirkətinin İdarə Heyətinin üzvü Tural Əliyev cümə axşamı V Azərbaycan Beynəlxalq Sığorta Forumunda çıxışında bildirib.
Onun sözlərinə görə, 2013-cü ildə yerli şirkətlər 45,814 mln. manat (2012-ci ildə 38,735 mln. manat), xarici şirkətlər 67,544 mln. manat (2012-ci ildə 50,84 mln. manat) məbləğində riskin yerini doldurublar.
Ötən il Rusiya şirkətləri Azərbaycandan alınmış 7,785 mln. manat, Qazaxıstan şirkətləri 4,902 mln. manat, Türkiyə şirkətləri 3,224 mln. manat, ABŞ şirkətləri 1,215 mln. manat, Avropa ölkələrinin şirkətləri 50,39 mln. manat məbləğində risklərin yerini doldurublar.
T.Əliyev qeyd edib ki, 100-dən artıq sığorta və təkrarsığorta şirkətinin Azərbaycanda 150-dən çox nümayəndəliyi var. Yerli bazarda 60 xarici təkrarsığorta brokeri fəaliyyət göstərir.
O əlavə edib ki, Azərbaycanda 1 təkrarsığorta şirkəti və təkrarsığorta fəaliyyətinə lisenziya almış 11 sığorta şirkəti fəaliyyət göstərir.