Sahibkarlığa Kömək Milli Fondu (SKMF) müvəkkil kredit təşkilatları vasitəsilə 2014-cü ilin əvvəlindən Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan məcburi köçkünlərə 4,9 mln. manat məbləğində güzəştli kredit verib. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında deyilir.
İlin əvvəlindən 100 sahibkar kredit alıb.
“Bu layihələrin maliyyələşdirilməsi 250-yə yaxın yeni iş yerinin yaradılmasına imkan verəcək”, - deyə məlumatda fondun icraçı direktoru Şirzad Abdullayevə istinadən qeyd edilir.
Cümə axşamı SKMF Biləsuvar rayonunda Cəbrayıldan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı 4 saylı qəsəbədə sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum keçirib. Tədbirdə 100-ə yaxın məcburi köçkün sahibkar iştirak edib. İndiyədək SKMF-in xətti ilə 1300 məcburi köçkün sahibkara ümumilikdə 30,8 mln. manat məbləğində kredit verilib. Bu isə 2700-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verib. Cəbrayıl rayonundan olan 244 sahibkar isə 1,5 mln. manat güzəştli kredit alıb.
“Cümə axşamı tədbir çərçivəsində Cəbrayıl və Biləsuvar rayonlarından olan 43 sahibkar 414,5 min manat güzəştli kredit alıb. Bu layihələrin kreditləşdirilməsi 60-a yaxın yeni iş yerinin açılmasına imkan verəcək”, - deyə məlumatda vurğulanır.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 44 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2013-cü ildə fondun xətti ilə sahibkarlara 275 mln. manat məbləğində güzəştli kredit verilib. 2014-cü ildə fond 280 mln. manat məbləğində güzəştli kredit verməyi planlaşdırır.