İyunun 23-də Bakıda "Azərbaycan - doğma diyar" devizi altında Milli Azlıqların IV Respublika Festivalının açılışı olacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
IV Respublika Festivalının açılış mərasimi R.Behbudov adına Mahnı Teatrında keçiriləcək.
Belə ki, festival günlərində bədii kollektivlərin çıxışları planlaşdırılır. Həmçinin Muzey Mərkəzində milli azlıqların həyat və yaşayış tərzini əks etdirən "Bir ailədə" adlı fotosərgi keçiriləcək.
Bundan başqa, festival çərçivəsində tirajı 1 min nüsxə olmaqla Azərbaycan, ingilis, rus, fransız, alman dillərində "Azərbaycanda yaşayan milli azlıqların mahnıları" CD-diski buraxılacaq.
Təşkilatçılar festival çərçivəsində "Azərbaycanda etnik mədəni müxtəliflik və multikultural ənənələr" mövzusunda dəyirmi masa təşkil edəcəklər.
Festival iyunun 25-nə qədər davam edəcək.