"SOCAR Energy Ukraine" MMC (Azərbaycan Dövlət Neft Şirkətinin – ARDNŞ-in törəmə müəssisəsi) Ukraynada iki yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verib. Bu barədə “SOCAR Energy Ukraine” şirkətinin məlumatında bildirilir.
“Rovensk vilayətində SOCAR brendi ilə iki yanacaqdoldurma məntəqəsi açılıb. Bu, həmin vilayətdə şirkət tərəfindən açılmış 2-ci, Ukraynanın qərbində 11-ci yanacaqdoldurma məntəqəsidir”, - deyə məlumatda qeyd edilir.
Burada Polşa və Litvanın qabaqcıl emal zavodlarında Avro-5 ekoloji standartına uyğun istehsal olunan sertifikatlı neft məhsulları reallaşdırılır. Məntəqə ərazisində A-92, A-95, A-95 TM “Nano” benzinləri və TM “Nano” dizel yanacaqları ilə işləyən dörd paylayıcı kolonka quraşdırılıb.
Yeni yanacaqdoldurma məntəqəsi nəzərə alınmaqla hazırda Ukraynada SOCAR brendi ilə 38 YDM fəaliyyət göstərir.
“SOCAR Energy Ukraine” 2008-ci ildə Ukraynada fəaliyyətə başlayıb. 2009-cu ilin əvvəlində Ukraynanın pərakəndə yanacaq bazarı ətraflı şəkildə öyrənildikdən sonra “SOCAR Energy Ukraine” bu ölkədə yanacaqdoldurma şəbəkələrinin yaradılması və inkişaf etdirilməsinə qərar verib.
SOCAR 2009-2013-cü illərdə Ukraynada biznesin inkişafına $160 mln.-dan artıq sərmayə yatırıb.
N.Abbasova