Dünya birliyi Qarabağ münaqişəsinin həll edilməməsi ilə əlaqədar Azərbaycanın düşdüyü həqiqi vəziyyəti zamanla başa düşəcək. “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbirinin verdiyi məlumata görə, bu barədə Milli Məclisin sədri Oqtay Əsədov cümə günü parlamentin növbədənkənar sessiyasının plenar iclasında çıxışı zamanı bəyan edib.
“Dünya birliyi Azərbaycanın 20 il öncə üzləşdiyi problemlərlə bu gün qarşılaşır. Bu gün dünyanın müxtəlif regionlarında ərazilərin itirilməsi, yüz minlərlə insanın qaçqına çevrilməsi ilə bağlı proseslər müşahidə edilir”, - deyə O.Əsədov bildirib.
Spiker Azərbaycanın problemləri ilə bağlı ikili standartların tətbiq edilməsindən və dünya birliyinin Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməməsinə, torpaqlarımızın 20%-nin işğal altında qalmasına soyuq münasibətindən narazılıq bildirib.
“Bir çox beynəlxalq təşkilatların komitələrinin Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmasına və Azərbaycan torpaqlarının işğal altında qalmasına barmaqarası baxması təəssüf doğurur. Avropa parlamentarilərindən Azərbaycan torpaqlarının işğalı faktına dair sənədləri imzalamağı istədikdə, onlar qaçaraq gizlənirlər. İkili standartar göz qabağındadır. Avropa Birliyinin strukturlarında Cənubi Qafqazdakı münaqişələrlə və Gürcüstan böhranı ilə məşğul olan komitə yaradılıb. Onlardan soruşanda ki, niyə məhz bu məqamlara diqqət yetirirsiniz, cavab verirlər ki, Gürcüstan böhranı mövcuddur, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə isə ATƏT-in Minsk Qrupu məşğul olur”,- deyə O.Əsədov vurğulayıb.
O deyib ki, buna görə də Azərbaycanın əsas məqsədi öz gücünü və imkanlarını artırmaq, Ermənistan-Azərbaycan münaqişəsini müstəqil şəkildə həll etməkdir.
R.Babayev