Azərbaycanın rəyi soruşulan sakinlərinin təxminən yarısı düz bir ildən sonra Bakıda keçiriləcək Birinci Avropa Olimpiya Oyunlarını izləmək niyyətində olduqlarını bəyan edib. Bu, “Rəy” Monitorinq Mərkəzinin keçirdiyi sorğunun nəticələrində öz əksini tapıb.
Əldə olunan rəqəmlərə əsasən, respondentlərin yarısı yarışları izləmək niyyətindədir ki, onların da 67%-i bunu televiziya vasitəsilə edəcəyini qeyd edib. Yalnız 15% respondent «qiymətlərin şişirdilmiş olmayacağı təqdirdə» stadionlara bilet alacağını qeyd edib və bunlar əsasən Bakı sakinləridir.
Yeri gəlmişkən, gözlənildiyi kimi, bu məsələdə paytaxt gəncləri arasında aktivlik daha yüksəkdir, yaşı 35-dən yuxarı olan respondentlər, bölgə sakinləri və qadınlar isə passivlik nümaiş etdirir.
Buna baxmayaraq, turnirə ev sahibliyi edən ölkənin sakinlərinin keçiriləcək olimpiadaya marağının artacağına əsas var. ““Avroviziya-2012”nin təcrübəsi isə göstərir ki, tədbirin keçirilmə tarixi yaxınlaşdıqca, ona olan maraq da artacaq. Odur ki, Olimpiadanın açılışına qədər vəziyyətin nəzərəçarpacaq dərəcədə dəyişəcəyi dəqiqdir. Xatırladaq ki, “Avroviziya-2012”nin finalını Bakı sakinlərinin 89%-i, ölkə əhalisinin isə 82%-i izləmişdi”, - deyə “Rəy” Mərkəzi qeyd edir.
Bundan başqa, sorğu iştirakçılarının əhəmiyyətli hissəsi (62%) hesab edir ki, Avropa Oyunları sadəcə vacib idman hadisəsi deyil, həm də Azərbaycanı dünyaya tanıtmaq üçün daha bir imkandır və bu baxımdan onun keçirilməsinə vəsait yatırmağa dəyər. Rəyi soruşulanların cəmi 12%-i onların bu fikrini bölüşmür və hesab edir ki, indiki vaxtda belə məsrəflər artıqdır. Daha 26% respondent isə hələ bununla bağlı heç bir qənaətə gəlməyib.
“Rəy” Mərkəzi qeyd edir ki, Bakıda “Avroviziya-2012”nin keçirilməsindən bir il əvvəl müsabiqənin keçirilməsinə çəkilən xərclərin özünü doğrultduğunu hesab edən respondentlərin sayı təxminən eyni idi – 63%. Baxmayaraq ki, tədbir başa çatdıqdan sonra bu fikri artıq ölkə əhalisinin böyük əksəriyyəti - 85% dəstəkləyirdi.
Bununla yanaşı, respondentlərin əksəriyyəti Azərbaycanın təşkilatçı ölkə kimi Avropa Olimpiya Oyunlarını layiqincə təşkili və keçirəcəyinə əminlik ifadə edib. Belə ki, rəyi soruşulanların 81%-i bildirib ki, Azərbaycan artıq belə tədbirlərin keçirilməsində böyük təcrübə toplayıb və bu dəfə də hər şey yüksək səviyyədə, Avropa standartlarına uyğun təşkil ediləcək. Cəmi 11% bunun əksini düşündüyünü bildirib.
«Omnibus» tipli ümumrespublika ictimai rəy sorğusu 2014-cü il iyunun 14-dən 16- dək keçirilib. Standartlaşdırılmış anket əsasında yaşayış yeri üzrə üzbəüz müsahibə yolu ilə keçirilən sorğuya yaşı 18 və yuxarı olan 1,2 mindən artıq ölkə sakini cəlb edilib. Nisbi xəta 3%-dir.