Cümə günü Milli Məclisdə deputatlar Azərbaycanda türk liseylərinin bağlanması məsələsini qaldırıblar.
“İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbirinin verdiyi məlumata görə, deputat Fazil Mustafa türk liseylərinin bağlanmasına etiraz edib.
“Hesab edirəm ki, bir və ya iki ildən sonra biz bu mövzuya qayıdanda nə qədər böyük tarixi və strateji səhv buraxdığımızı anlayacağıq. Mən bu gün hər hansı ingilis məktəbinin bağlanmasına da qarşı çıxıram”, - deyə F.Mustafa qeyd edib.
Onun sözlərinə görə, əksinə, istərdi ki, Azərbaycanda alternativ təhsil almaq imkanları genişləndirilsin.
“Bu, bizim təhsil sisteminin qısa zamanda böyük nailiyyətlər əldə etməsi üçün lazımdır. Biliklərin son attestasiyası üzrə qiymətlərə diqqət yetirin. Şagirdlərin 50%-i “Riyaziyyat” və “Ana dili”ndən “üç” qiyməti alıblar. Bütün bunlar isə o deməkdir ki, kimisə tənqid və ifşa etmək əvəzinə təhsilin keyfiyyətinin artırılması yolları barədə düşünmək lazımdır. Hazırda on minlərlə müəllim və şagird qeyri-müəyyən vəziyyətdə qalıb. Onsuz da məktəblərdə müəllimlərlə bağlı problemlər mövcuddur”, - deyə F.Mustafa vurğulayıb.
Deputat qeyd edib ki, bağlanan türk liseylərinin müəllim heyəti məşğulluqla bağlı böyük problemlə üzləşəcək.
“Biz Türkiyədə gedən siyasi prosesləri diqqətlə izləyirik. Bu ölkənin daxili işlərinə müdaxilə etmək istəmirik. Lakin fikir verin, bu gün İraqda baş verən proseslər nə nümayiş etdirdi? İran bu ölkədə özünə yaxın olan qüvvələri müdafiə edə bildi. Lakin Türkiyə diplomatlarını və türkmənləri qoruya bilmədi”, - deyə o bildirib.
“Azərbaycanda həmin məktəblərin fəaliyyətinə dair daha düzgün qərar qəbul etmək lazımdır. Ölkəmizdə rus, ingilis, Azərbaycan, türk məktəblərinin olması zəruridir. Vətəndaşlar alternativ təhsil almaq imkanına malik olmalıdır, biz daha təhsilli gənc kadrlar yetişdirməliyik. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, türk liseylərinin bağlanması səhv addım olub və gələcəkdə Azərbaycanın təhsil sisteminə böyük zərbə vuracaq”, - deyə F.Mustafa vurğulayıb.
Milli Məclisin deputatı Qüdrət Həsənquliyev, öz növbəsində Azərbaycanda türk liseylərinin bağlanmasını düzgün qərar adlandırıb.
“Azərbaycanda fəaliyyət göstərən məktəblər dövlətin nəzarəti altında olmalıdır. Buna görə də mən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR -İF-Az) türk liseylərinin bağlanmasına dair qərarını yüksək qiymətləndirirəm”, - deyə Q.Həsənquliyev vurğulayıb.