Cümə günü Milli Məclis “Dövlət sirri haqqında” və “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanunlara dəyişiklikləri qəbul edib.
““Dövlət sirri haqqında” və “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanunlara düzəlişlər bu sahələrdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə qəbul olunur”, - deyə Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov qanunlara edilən dəyişikliklər barədə məlumat verərkən bildirib.
Onun sözlərinə görə, bu, ilk növbədə dövlətin siyasi, iqtisadi, hərbi, Konstitusiya quruluşunun təhlükəsizliyi, dövlət sirrinin mühafizəsi baxımından böyük əhəmiyyət kəsb edir.
“Müharibə şəraitində olan ölkəmizin dövlət sirrini təşkil edən məlumatların çox dəqiq mühafizəsi təhlükəsizliynin təmin edilməsi baxımından olduqca vacib məsələdir”, - deyə Z.Əsgərov bildirib.
Qanunun 21-ci maddəsinə qəbul olunan düzəlişlərə əsasən, vəzifəli şəxsin və vətəndaşın xüsusi əhəmiyyətli, tam və məxfi məlumatlarla işləməyə buraxılması ilə bağlı yoxlama tədbirləri prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, digər dövlət hakimiyyəti orqanları, idarə, müəssisə və təşkilatlarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən keçirilir.
Yoxlama tədbirlərinin həcmi və keçirilməsi qaydası yoxlama tədbirlərini keçirən orqanlar tərəfindən hazırlanır və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla təsdiq edilir.
“Dövlət sirri haqqında” qanunun 23-cü maddəsinə qəbul olunan düzəlişlərə əsasən, vəzifəli şəxsi və ya vətəndaşı dövlət sirri ilə işləməyə buraxmaqdan imtina edilməsi üçün əsaslar yeni redaksiyada veriləcək.