Milli Məclisin nümayəndə heyəti bazar ertəsi Strasburqda Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında iştirak edir.
Nümayəndə heyətinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov rəhbərlik edir.
Sessiyada Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovun çıxışları gözlənilir. Nazir Bakının Avropa Şurası Nazirlər Komitəsində sədrliyinin prioritetlərini səsləndirəcək.
Tədbirdə Ukrayna prezidenti Pyotr Poroşenkonun da çıxışı gözlənilir.
Sessiyada Avropa parlamentariləri Ukraynada son prezident seçkilərinin, Makedoniyada prezident və növbədənkənar parlament seçkilərinin nəticələrini, həmçinin vahid Avropanın gələcəyi, Cənubi Aralıq dənizi ölkələrində qeyri-sabit vəziyyətlə əlaqədar miqrantların İtaliyaya axınının artması, AŞPA-nın islahatları, Qərbi Saxarada münaqişənin nizamlanmasında AŞPA-nın rolu, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin müstəqilliyinin möhkəmlənməsi məsələlərini müzakirə edəcəklər.