BMT Gəncədə Milli Məsləhətləşmələrin ilk müzakirəsini “Vətəndaş Cəmiyyəti ilə dialoq: Gənclər" mövzusunda keçirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
Məsləhətləşmələrin əsas məqsədi qazanılan təcrübənin və ölkə qarşısında duran vəzifələri nəzərə alaraq, müəyyən olunan prioritetlər üzrə Azərbaycan gənclərinin fikrini öyrənmək və təkliflər almaqdır. Təklif və rəylər "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında və BMT-nin 2016-2020-ci illəri əhatə edəcək milli prioritetlər proqramında öz əksini tapacaq.
"Niyə məhz Gəncə? Çünki, Gəncənin əhalisinin 50%-dən çoxu gənclərdən ibarətdir. Gəncədə gənclər daha fəaldır. Gəncə 2016-cı ildə Avropa Gənclər Paytaxtı olacaq”, – deyə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruk bildirib.
A.Bruk Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşdə BMT-nin Gəncədə əlaqələrinin genişləndirilməsi və inkişaf etdirilməsi üçün əlverişli şəraitin mövcudluğunu vurğulayıb.
F.Mehdiyev