SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Ağburun-dəniz” strukturunda yeni axtarış quyusunun qazılmasını başa çatdırıb. Bu barədə SOCAR-ın mətbuat xidmətindən məlumat verilir.
“Quyuda qazma işləri “Xəzər-6” tipli Üzən Qazma Qurğusu vasitəsi ilə Ağburun-dəniz” strukturunun cənub-qərb qanadında həyata keçirilib. Qazma işlərinin məqsədi strukturun kəsilişin stratiqrafiyasını, litologiyasını və neft-qazlılığını öyrənməkdir. Quyu 860 metr dərinliyədək qazılaraq layihə horizontu olan Qirməki Altı Lay Dəstəsini tam açıb”, - deyə məlumatda qeyd olunur.
Hazırda quyunda perforasiya və mənimsəmə-sınaq işlərinə hazırlıq görülür.
“Ağburun-dəniz” strukturu Abşeron arxipelaqının Şimali Abşeron qalxımlar zonasında Qərbi Abşeron neft yatağından 6 km cənubda yerləşir.
N.Abbasova