Qəbələdə keçirilən “Regionlararası əməkdaşlıq: yeni inkişaf imkanları” mövzusunda keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçıları Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinə müraciət qəbul ediblər.
Müraciətdə qeyd olunur ki, prezidentlərin birgə təşəbbüsü ilə 2010-cu ildən keçirilən regionlararası forumlar artıq gözəl ənənəyə çevrilib və iki ölkə arasında əməkdaşlığın inkişafına mühüm töhfə verir.
“Hər iki tərəfdən parlamentlərin üzvləri, regionlar, dövlət orqanları, özəl şirkətlər, habelə KİV nümayəndələrinin iştirak etdiyi beşinci forumda ictimai, sosial-iqtisadi və humanitar əlaqələrin əsas inkişaf istiqamətlərinə dair geniş fakir mübadiləsi aparılıb. Dəyirmi masalar çərçivəsində müxtəlif sahələrdə Azərbaycan-Rusiya regionlararası əməkdaşlığının perspektivləri geniş müzakirə olunub”, - deyə müraciətdə bildirilir.
İştirakçılar qeyd edirlər ki, forumun meydançasında biznes nümayəndələri hər iki ölkənin regionlarında potensial investisiya layihələri ilə tanış olublar, uzunmüddətli qarşılıqlı səmərəli kooperasiya əlaqələrinin qurulması məqsədilə tərəfdaşlarla birbaşa əlaqə yaratmaq imkanı əldə ediblər. “Forum çərçivəsində 6 idarələrarası saziş və 5 biznes müqaviləsi imzalanıb. Forumun tədbirləri səmimi şəraitdə keçib, bu isə xalqlarımız arasında ənənəvi dostluq əlaqələrinə tam uyğundur”, - deyə sənəddə qeyd olunur.
Forum iştirakçıları bu cür tədbirlərin keçirilməsinin iki ölkə arasında liderlərin siyasi iradəsi və səyləri nəticəsində formalaşan strateji tərəfdaşlığın möhkəmlənməsinə xidmət etdiyinə əminlik ifadə ediblər.