Çərşənbə axşamı Strasburqda Azərbaycan prezidenti İlham Əliyev və Avropa Şurası Parlament Assambleyasının sədri Ann Brasör əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Görüşdə tərəflər Azərbaycanda insan haqları və demokratikləşmə sahəsində görülən işləri müzakirə ediblər. O cümlədən Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi dövründə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə fikir mübadiləsi aparılıb.
İ.Əliyevin Avropa Şurasının baş katibi Torbörn Yaqland ilə görüşündə də Azərbaycanın prioritetləri müzakirə olunub.
Prezident həmsöhbətinə ölkədə gedən demokratik inkişaf prosesləri və bu sahədə aparılan islahatlar barədə məlumat verib.
Söhbət zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Bundan başqa, dövlət başçısı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Din Şpilman ilə Azərbaycanın hüquq mühafizə orqanları ilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi arasında əməkdaşlıq məsələlərini müzakirə edib.