İtaliyalı alimlər Azərbaycanın Talış dağlarında tədqiqatlar aparır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən məlumat verilib.
Bu məqsədlə İtaliya Milli Tədqiqat Şurasının (İMTŞ) mütəxəssisi Marko Bonini və Florensiya Universitetinin professoru Orlando Vaselli Azərbaycana səfər ediblər.
Tədqiqatların məqsədi Azərbaycanın cənubunda suların və qazların izotop-kimyəvi tərkibinin öyrənilməsi, flüidlərin geokimyəvi xassələrinin, helium, arqon karbohidrogenlərin və karbon qazının izotop tərkibinin öyrənilməsi nəticəsində onların mənşəyini müəyyən edilməsidir.
Tədqiqatlar AMEA Geologiya və Geofizika İnstitutunun əməkdaşları ilə birgə keçiriləcək.
Əldə olunmuş nəticələr İtaliyada analiz olunacaq.
İşlər Azərbaycan və İtaliya arasında 2014-2015-ci illəri əhatə edən əməkdaşlıq proqramı çərçivəsində həyata keçirilir.
A.Zeydullayeva