Azərbaycan Beynəlxalq Bankı (ABB) əlavə emissiya səhmlərinin yerləşdirilməsinin başa çatma müddətini 25 iyula qədər uzadıb. Bu barədə Bakı Fond Birjasının (BFB) məlumatında bildirilir.
Xəbər verildiyi kimi, 2013-cü il dekabrın 12-də ABB 200 mln. 1,5 manat məbləğində əlavə emissiya səhminin yerləşdirilməsinə başlayıb. 2014-cü il aprelin 14-nə olan vəziyyətə əsasən, bu səhmlərdən 194 mln. 661 min 340,38 manat məbləğində səhm alınıb. Bununla əlaqədar bank aprelin 14-dən müstəsna alış hüququ çərçivəsində əldə olunmamış 5 mln. 338 min 661,12 manat məbləğində əlavə emissiya səhmlərinin yerləşdirilməsinə başlayıb.
“Bankın səhmdarlarının qərarı ilə əlavə emissiyadan olan səhmlərin yerləşdirilmə müddəti 2014-cü il iyulun 25-nə qədər uzadılıb”, - deyə birjanın məlumatında qeyd olunur.
Xəbər verildiyi kimi, 200 mln. 1,5 manatlıq səhmin əlavə emissiyasının yerləşdirilməsi nəticəsində ABB-nin nizamnamə kapitalı 54,3% - 568 mln. 333,337 min manata qədər artacaq.
2013-cü ilin oktyabr ayında ABB-nin səhmdarları 4 il ərzində bankın nizamnamə kapitalının mərhələli şəkildə 500 mln. manat artırılması barədə qərar qəbul ediblər. Birinci artım 200 mln. manat, növbəti illərdə hər il 100 mln. manat təşkil edəcək.
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i özəl səhmdarlara məxsusdur. ABB-nin səhmdarları 14 hüquqi və 1556 fiziki şəxsdir.
A.Əzizov