SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Günəşli” yatağındakı 11-ci özüldə yenidənqurma işləri aparmağı planlaşdırır. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
““28 May” Neft və Qazçıxarma İdarəsinin istismar etdiyi “Günəşli” yatağındakı 11 saylı Dərin Dəniz Özülünün genişləndirilmiş hissəsində əlavə 4 istismar quyusunun qazılması məqsədilə yenidənqurma işlərinin aparılması nəzərdə tutulub. Bu məqsədlə ARDNŞ-in “Neftqazelmitədqiqatlayihə” İnstitutunda layihələndirmə işlərinə başlanılıb. Layihələndirmə işləri cari ilin sonuna kimi başa çatdırılacaq. Layihənin baş podratçısı “Neftqaztikinti” Trestidir”, - deyə məlumatda qeyd olunur.
Dənizin 92 metr dərinliyində yerləşən 11 saylı özüldə yeni monifold bloklar yığılacaq, nəql xətləri texnoloji sxemə birləşdiriləcək, qazma avadanlıqlarının yerləşdirilməsi üçün müvafiq konstruksiyalar quraşdırılacaq.
Quyulardan ümumilikdə sutkada 100 ton neft və 260 min kubmetr qaz hasil ediləcək.
“Günəşli” yatağının dayazsulu hissəsi 1980-ci ildən işlənilir. Yataq SOCAR-ın neft hasilatının 65%-ə qədərini təmin edir.
N.Abbasova