ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsi zonasında insan itkisi ilə nəticələnən atəşkəsin pozulması hallarının artmasından narahatdır.
“Biz bundan çox narahatıq. Bir insanın ölümü artıq narahatlığa əsas verir. Zorakılığın artması hər iki tərəfin sülh naminə məhsuldar işləməsi üçün şərait yaratmır. Biz gərginliyin azalmasını istəyirik”, - deyə diplomat “Amerikanın səsi” radiostansiyasına verdiyi müsahibəsində bildirib.
Onun sözlərinə görə, vəziyyətin nəzarətdən çıxması və hərbi əməliyyatların yenidən başlaması təhlükəsi var.
“Biz bunu istəmirik, biz gərginliyin azalması üçün tədbirlər görmək istəyirik”,- deyə o qeyd edib.
Amerikalı həmsədr Fransa prezidenti Fransua Ollandın Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün Parisdə keçirilməsi ilə bağlı təklifini Rusiyanın XİN başçısı Sergey Lavrovun dəstəkləməsini alqışlayıb.
“Biz bununla razıyıq. Prezidentlər bu dəvəti qəbul etməlidirlər”,- deyə C.Uorlik qeyd edib.
“Biz yeni mərhələyə daxil olmalıyıq. Prezidentlərin görüşü vacibdir. Ümid edirəm ki, onlar yaxın vaxtlarda görüşəcəklər”,- deyə o qeyd edib.
C.Uorlik, həmçinin deyib ki, Ukraynada baş verən hadisələrlə bağlı Amerika və Rusiya arasında yaranmış fikir ayrılığı Ermənistan-Azərbaycan münaqişəsinin həllində Vaşinqton və Moskvanın konstruktiv əməkdaşlığına mane olmur.
F.Hüseynzadə