Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin cümə günü Azərbaycana işgüzar səfərə gəlib. O, Rusiya nümayəndə heyətinin rəhbəri qismində ATƏT PA-nın şənbə günü Bakıda açılacaq sessiyasında çıxış edəcək.
Daha əvvəl S.Narışkin jurnalistlərə bildirib ki, o, Avropanın təhlükəsizliyinin təmin edilməsi və burada ayırıcı xətlərin aradan qaldırılması üzrə əsas problemlərin həllində ATƏT PA-nın rolu barədə danışacaq, eləcə də Ukrayna böhranının tənzimlənməsi üzrə bir sıra təşəbbüslər səsləndirəcək.
“Rusiya parlamentinin nümayəndə heyəti daha öncə ATƏT PA-nın meydanında Ukrayna böhranı üzrə beynəlxalq əlaqə qrupunun yaradılması ilə bağlı Dövlət Dumasının ideyasını irəli sürəcək. Hesab edirəm ki, Ukrayna üzrə xüsusi beynəlxalq konfransın çağırılması məsələsini də qaldırmaq yerinə düşər”, - deyə S.Narışkin bu yaxınlarda Dövlət Dumasında beynəlxalq hüquq və təhlükəsizliyin müasir strukturu ilə bağlı məsələlərin müzakirəyə çıxarıldığı “Açıq tribuna”nın iclasında bildirib.